Bakı Bulvarında attraksionlar pulsuz olacaq
17.12.2015

Yeni il bayramı ilə əlaqədar Bakı Bulvarında pulsuz attraksion aksiyası təşkil olunacaq. Həmin gün 15 yaşa kimi uşaqlar milli parkdakı attraksionlardan pulsuz istifadə edə biləcəklər. Hələlik aksiyanın konkret hansı gün baş tutacağı müəyyən edilməyib.

Bunu Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, hər il olduğu kimi bu il də bayramla əlaqədar artıq hazırlıq işlərinə başlanılıb:

"Artıq Bulvarın bir çox yerlərində şam ağacları bəzədilir, hər ağacın yanında Yeni ilin atributları olan Şaxta baba və Qar qızın olması nəzərdə tutulur. Bulvarda iki ən böyük şam ağacı quraşdırılıb. Bunlardan biri Hökumət Evinin qarşısındadır, hündürlüyü 40 m-dir. Digəri isə Azneft dairəsindədir ki, onun da hündürlüyü 20 m-dir", - deyə qurum rəsmisi bildirdi.

Nazim Məcidov onu da əlavə etdi ki, ağaclar əsasən insanların daha çox toplaşdığı yerlərdə - Kukla teatrının yanında, Azneft meydanında, Sahil metrosundan bulvara gələn hissədə, Hökumət evinin yaxınlığında və s. olacaq.

Anspress.com