Dənizkənarı Milli Parkdakı “Formula-1” əyləncə zonası dekabrın 27-dək açıq olacaq
23.12.2015

“Formula-1” Avropa Qran-prisi ilə bağlı Dənizkənarı Milli Parkda təşkil olunmuş əyləncə mərkəzi paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gün ərzində minlərlə insanın ziyarət etdiyi kiçik “Formula-1” dünyasında əyləncə və maarifləndirmə işi yüksək səviyyədə davam edir.

Örtülü əyləncə zonasında quraşdırılmış simulyator oyunlarından istifadə edən ziyarətçilər “Formula-1” yarışlarının sürət və həyəcanını hiss edirlər. Həmçinin məkanda Avropa Qran-prisi ilə bağlı broşürlər paylanılır. Məkan balacaların da sevimli istirahət yerinə çevrilib. Burada rəsm çəkən və ya boya dəftərləri ilə vaxtını keçirən balacalar nağıl qəhrəmanları ilə də əylənə bilirlər. Əyləncə məkanında quraşdırılmış monitorda “Formula-1” yarışlarından bəhs edən videoçarxlar nümayiş olunur. “Formula-1”in daimi azarkeşlərinin də maraq dairəsi diqqətə alınıb. Belə ki, onlar məkana gələrək “Formula-1” komandalarının eksponatları ilə tanış ola və həqiqi “Formula-1” avtomobili ilə şəkil çəkdirə bilərlər.

Həmçinin hər gün saat 15:00-dan 17:00-dək “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin nümayəndələri könüllülər proqramına maraq göstərən vətəndaşlarla görüşüb, qeydiyyat və könüllü fəaliyyəti ilə bağlı suallara cavab verirlər.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, dekabrın 19-da - yarışın təşkilinə tam altı ay qalmış biletlər satışa çıxarıldı. “Formula-1” avtomobil idmanı mədəniyyətini paytaxt sakinlərinə duyurmaq üçün Dənizkənarı Milli Parkda əyləncə zonası təşkil olunub. Milli “Formula-1” azarkeşlərinin marağını və səngimək bilməyən ziyarətçi sayını nəzərə alaraq bulvar ərazisində təşkil olunan əyləncə məkanı dekabrın 27-də saat 22:00-dək açıq olacaq. Əsas məqsəd idmanın bu növünü insanlara tanıtmaq və onlara bayram əhval-ruhiyyəsi yaşatmaqdır.

azertag.az