Azərbaycan nümayəndələri YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə hökumətlərarası işçi qrupunun iclasında iştirak edirlər
14.9.2011

Sentyabrın 12-də YUNESKO-nun Parisdəki qərargahında qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya nominasiyaların təqdim edilməsi prosesinin asanlaşdırılması məqsədi ilə açıq hökumətlərarası işçi qrupunun iclası başlanmışdır.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilmişdir ki, tədbirdə Azərbaycanı nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova təmsil edirlər.
İclas sentyabrın 14-də başa çatacaqdır.
İşçi qrupunun təsis edilməsi YUNESKO-nun Hökumətlərarası Komitəsinin 2010-cu ilin noyabrında Nayrobidə keçirilmiş iclasında qərara alınmışdır. Əsas məqsəd reprezentativ siyahıya nominasiyaların sayının artdığını, katibliyin resurslarının məhdud olduğunu nəzərə alaraq, nominasiya prosesinin təkmilləşdirilməsi üçün mümkün yeni qayda və tədbirlərin müzakirə edilməsindən ibarətdir.