Azərbaycan prezidenti AMEA Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsinə 2 milyon manat ayırıb
30.5.2012

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli 2236 nömrəli sərəncamının icrası ilə əlaqədar, ölkədə dilçilik elmi üzrə araşdırmaların mərkəzi olan Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, institutda fundamental tədqiqatların, monoqrafik əsərlərin hazırlanması və nəşrinin həyata keçirilməsi, dünyanın mötəbər kitabxanalarında, əlyazma fondlarında saxlanılan ana dilimizə aid qədim mənbələrin öyrənilməsi, həmçinin lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazasının yaradılması və dialektoloji ekspedisiyaların təşkilinin təmin edilməsi məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 2 (iki) milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

AMEA Rəyasət Heyəti ayrılmış vəsaitin Nəsimi adına Dilçilik İnstitutu tərəfindən təqdim olunmuş plana əsasən aidiyyəti üzrə istifadəsinə nəzarəti təmin etsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etsin.

APA