«Azərbaycan Hava Yoları» QSC (AZAL) daxili aviareyslərin marşrutunun coğrafiyasını genişləndirir. AZAL-dan verilən məlumata görə, iyunun 1-dən etibarən AZAL Bakı-Qəbələ-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
Uçuşlar hər həftənin V və VII günləri yerinə yetiriləcək. Sözügedən marşrut üzrə təyyarə Bakıdan saat 17:45-də havaya qalxacaq və artıq saat 18:30-da Qəbələdə enəcək. Əks istiqamətdə isə avialayner saat 19:10-da qalxacaq və saat 19:55-də Bakıda enəcək. Bu marşrut üzrə uçuşlar mövsümi xarakter daşıyır və reyslər oktyabrın 27-dək həyata keçiriləcək.
«ATR-72» tipli avialaynerlə yerinə yetirilən Bakı-Qəbələ aviareysinə bir biletin qiyməti 48 manat, hər iki istiqamətə isə 96 manat təşkil edir.
Qeyd edək ki, hazırda AZAL ölkə daxilində Bakı-Naxçıvan, Bakı-Gəncə, Bakı-Zaqatala, Bakı-Lənkəran və Gəncə-Naxçıvan aviareysləri üzrə uçuşlar həyata keçirir.
APA