Əbülfəs Qarayev: “Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” Mahnı Müsabiqəsi ilə bağlı tur-paketlərin qiymətlərinin açıqlanması çox tezdir”
14.9.2011

“Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” Mahnı Müsabiqəsi ilə bağlı qiymətlərin açıqlanması çox tezdir. Azərbaycan Turizm Assosiasiyasının müsabiqə ilə bağlı tur-paketin ilkin qiymətini açıqlaması isə təxmini rəqəmlərdir. Bu rəqəmlər Turizm Assosiasiyasının bu gün mövcud olan qiymətlər əsasında hazırlanıb, həmin dönəm üçün isə hansı qiymətlərin olacağını bilmək sözsüz ki, tezdir”. Bu açıqlamanı APA-nın sualını cavablandıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir hazırda “Eurovision-2012” Mahnı Müsabiqəsi ilə lazımı proses aparıldığını deyib: “Doğrudur, bu gün üçün konkret qiymətləri açıqlamaq mümkün deyil. Amma onu bildirmək istərdim ki, artıq müsabiqə ərəfəsində kimin harada və necə qalması ilə bağlı otellər müəyyənləşib. Biz bu sırada yeni açılacaq otelləri də nəzərdə tuturuq. O zamana kimi bizdə qiymətlərlə bağlı tam məlumat olacaq və biz bu prosesi tənzimləyəcəyik”.
Ə. Qarayev “Eurovision-2012” müsabiqəsində dövlət xətti ilə iştirak edəcək qonaqlar üçün fərqli qiymətlərin olacağını da açıqlayıb: “Gələcəkdə bu məsələ həll olunandan sonra artıq turistlərin gəlişi üçün hər otel müxtəlif təbəqələrə uyğun olaraq qiymət müəyyənləşdirəcək. Amma otellər artıq həmin müddət üçün ilkin sifarişləri qəbul etməyə başlayıblar. Əgər tələbat çox olacaqsa, sözsüz ki, qiymətlər də baha olacaq. Əgər tələbat normal olsa, o zaman qiymətlər də öz qaydasında qalacaq”.