Avropanın ən perspektivli futbolçularından biri olan 21 yaşlı Eden Azar “Çelsi”nin oyunçusu olmuşdur. Müqavilənin imzalanması faktını oyunçunun özü təsdiq etmişdir. O, Twitterdəki mikrobloqunda yazmışdır ki, Çempionlar Liqasının qalibləri ilə müqavilə imzalamışdır.
“Bloomberg” telekanalının yaydığı məlumata görə, razılaşmanın məbləği 40 milyon avro (50 milyon dollar) təşkil etmişdir. İki dəfə Fransa çempionatının ən yaxşı oyunçusu sayılmış Azar beş il müddətinə müqavilə imzalamışdır.
Belçikalının məvacibi ildə 9 milyon funt sterlinq (14,1 milyon dollar) təşkil etmişdir ki, bu da onu avtomatik olaraq İngiltərə çempionatının ən yüksək məvacibli oyunçusuna çevirmişdir. Qeyd etmək lazımdır ki, məvacib haqqında informasiya hələlik rəsmi təsdiqini tapmamışdır.
Fransanın başa çatan çempionatının 37 matçında 17 qol vurmuş, 15 top ötürmüş Azar bir gün əvvəl bildirmişdir ki, karyerasını harada davam etdirəcəyi barədə qərar qəbul etmişdir. Onun “Çelsi” və “Mançestr Siti” arasında seçim etdiyi təxmin edilir. Britaniya KİV-ləri, hətta təxmin etmişlər ki, belçikalı “Siti”yə yola düşür, lakin Azar “Çelsi”ni seçmişdir. O, London klubunda Romelu Lukaku, Kevin de Brüyn və Tibo Kurtuadan sonra dördüncü belçikalı futbolçu olacaqdır.
Xatırladaq ki, “Çelsi” artıq iki forvardı ilə xudahafizləşmişdir. Didye Droqba və Salomon Kalu komandanı tərk etmişlər.
AzərTAc