Prezident İlham Əliyev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.
Dövlətimizin başçısının ISESCO Baş Konfransına sədrliyin uğurla həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, ISESCO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə imzaladığı Sərəncama əsasən, 10 nəfər üzvü olan komissiyanın sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.
Sərəncamda bildirilir ki, ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci il noyabrın 23–27-də keçirilmiş iclasında Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi təqdirəlayiqdir.
azertag.az