Polşada ilk Avropa Oyunlarına həsr edilən fotoalbom nəşr olunub
15.1.2016

Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitskinin təşəbbüsü ilə “Bakı-2015” ilk Avropa Oyunlarına həsr edilən fotoalbom nəşr olunub.

Azərbaycan Varşavadakı səfirliyindən bildiriblər ki, Polşa Olimpiya Komitəsində təşkil olunan Olimpiya Ailəsinin Yeni il görüşü zamanı fotoalbomun təqdimatı keçirilib.

Albomda Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimlərini, yüksək standartlara cavab verən idman obyektlərini, İçərişəhəri, Qız qalasını, “Alov qüllələri”ni, Bakının küçələrini, neft mədənlərini və Azərbaycan xalçalarını əks etdirən fotoşəkillər öz əksini tapıb. Həmçinin albomda Azərbaycan Prezidenti İlham Əliyevin, “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin şəkilləri yer alıb.

İlk Avropa Oyunları ilə bağlı bir çox məqamları, Oyunlara hazırlığı, polşalı idmançıların nailiyyətlərini və Bakı şəhərinin füsunkarlığını əks etdirən yüzlərlə fotoşəkillə yanaşı, albomda hər bir fotoya dair şərh də qeyd olunub.

azertag.az