Tanınmış kinorejissor Eldar Quliyevin 75 yaşı tamam olur
18.1.2016

Bu gün Xalq Artisti, kinorejissor Eldar Quliyevin 75 yaşı tamam olur. Eldar Quliyev 1941-ci il yanvarın 18-də görkəmli bəstəkar Tofiq Quliyevin ailəsində dünyaya göz açıb.

E.Quliyev 1960-1966-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1967-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləyən rejissorun ilk işi “Biri vardı, biri yoxdu...” adlı qısametrajlı filmdir. O, ilk böyük ekran əsəri “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib. Tanınmış rejissor 1979-cu ildə “Babək” filmini çəkib və bu ekran əsəri həmin illərdə 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı, rejissor “Ən vacib müsahibə”, “Var olun, qızlar...”, “Ürək... Ürək...”, “Nizami”, “Nə gözəldir bu dünya...”, “Girov”, ”İstanbul reysi”, “Dərvişin qeydləri” və digər filmlərə quruluş verib. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb. O, həmçinin bir neçə filmin ssenari müəllifidir.

Dövlət mükafatı laureatı olan Eldar Quliyev “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub. Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində xidmətlərinə görə bu il yanvarın 14-də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Eldar Quliyev, həmçinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin qərarına əsasən 75 illik yubileyi münasibətilə Azərbaycan kinosuna verdiyi töhfələrə görə “Milli kino” mükafatına layiq görülüb.

Hazırda “Debüt” studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.

AZƏRTAC