20 Yanvar faciəsinin qurbanları Bakı metrosunda yad ediləcək
19.1.2016

Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə 1990-cı il yanvarın 20-də həlak olanların xatirəsi Bakı Metropolitenində yad ediləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə Bakı Metropoliteni bütün kollektivlə həmin faciə gününü yad edəcək. Hər il olduğu kimi, bu il də bütün stansiyalar qara lentli qərənfillərlə bəzədiləcək, bütün stansiyalarda həzin musiqilər səsləndiriləcək. Ümumxalq Hüzn Günü ilə əlaqədar metroda dünyasını dəyişən şəhidlərin xatirəsinə adlandırılmış “20 Yanvar” stansiyasında xüsusi anım mərasimi təşkil olunacaq. Bundan əlavə, “20 Yanvar” stansiyası bütünlüklə, hətta platformalar da qərənfillərlə bəzədiləcək, stansiyada güllərdən xüsusi ekspozisiya hazırlanacaq. Saat 12:00-da metroda bütün qatarlar dayandırılacaq, eyni anda fit verəcək, daha sonra faciə qurbanlarının xatirəsi sərnişinlərlə birlikdə bir dəqiqəlik sükutla yad ediləcək”.

Şöbə rəisi əlavə edib ki, hüzn günü olmasına baxmayaraq, qatarların hərəkət qrafikində və metronun iş rejimində hər hansı dəyişikliyin olacağı gözlənilmir.

AZƏRTAC