Yanvarın 21-də “Caspian Energy İnternational Media Group”un Direktorlar Şurasının toplantısı keçirilib. İclasda məşhur “Brand Award Azerbaijan”, “Brand Award Kazakhstan”, “Brand Award Russia”, “Brand Award Georgia”, “Brand Award Turkey” və “Brand Award EU” mükafatlarının da daxil olduğu “Caspian Brand Award–2016” beynəlxalq mükafatının 50-dən çox ölkədə keçirilməsi barədə qərar qəbul olunub.
“Caspian Energy İnternational Media Group”dan verilən məlumata görə, toplantıda həmçinin mükafatın yeni loqotipi təsdiq edilib.
“Caspian Brand Award-2016” beynəlxalq mükafatı üzrə internet səsverməsi prosesi bu il yanvarın 25-də www.BrandAward.org saytında start götürəcək. Onlayn səsvermə açıq rejimdə keçiriləcək. Eyni İP ünvanından gün ərzində yalnız bir səs qəbul olunacaq. Səsvermənin nəticəsi 2016-cı il mayın 25-də açıqlanacaq.
“Caspian European Club”un (Caspian Business Club) bütün üzv şirkətləri “Caspian Brand Award–2016” beynəlxalq mükafatında iştirak etmək hüququ qazanacaq. Hər bir şirkət “Caspian European Club”da iştirak statusundan asılı olaraq, səsvermədə ödənişsiz əsaslarla 25-dək brend irəli sürmək imkanı əldə edəcək. Hər brendin eyni vaxtda maksimum 5 nominasiyada iştirak etmək hüququ var.
Səsvermə prosesində qalib gəlmək üçün brend ən azı 5 min səs toplamalıdır. Eyni nominasiyada bir neçə brend 5 min və daha artıq səs yığarsa, üstünlük maksimal sayda səs toplamış brendə veriləcək. “Caspian European Club”un üzv şirkətləri üçün səsvermədə qalib gələn brendə görə heç bir əlavə təşkilati ödəniş nəzərdə tutulmayıb.
İclasda “Caspian European Club” və “Caspian Energy International Media Group”un bir sıra digər layihələrinin rebrendinqi barədə qərar qəbul olunub. Bununla yanaşı, “Caspian Energy CEO” jurnalının adının “Caspian Business journal” adı ilə, həmçinin səsverməsi 2015-ci il dekabrın 1-də başlamış (www.Award.CEO) “Caspian Energy CEO Award” beynəlxalq mükafatının “Caspian Business Award” adı ilə əvəzlənməsi qərara alınıb.
AZƏRTAC