Günəşdən atılan tac plazma kütləsi növbəti geomaqnit qasırğasına səbəb olub.
Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev məlumat verib.
Onun sözlərinə görə, qasırğanın getdikcə zəifləməsi gözlənilsə də, geomaqnit həyəcanı yanvarın 23-dək davam edəcək.
Qasırğa nəticəsində şimal en dairələrində qütb parıltıları müşahidə olunub.
E.Babayev bildirib ki, Günəş səthində müşahidə olunan nisbi sakitliyə, Günəş alışmalarının başvermə ehtimalının cəmi 1-5 faiz arasında dəyişməsinə baxmayaraq, geomaqnit qasırğası yaranıb və həyəcanlaşma yaxın günlərdə də davam edəcək:
“Qeyd etmək lazımdır ki, bu qasırğa Günəşdən atılmış tac plazma kütləsinin Yerin maqnitosferi ilə qarşılıqlı təsiri nəticəsində yaranıb. Qasırğa yanvarın 23-dək davam edəcək ki, bunun əlavə səbəbi Günəş səthində hazırda mövcud olan “tac dəlikləri”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir”.
Elçin Babayev qasırğanın yuxarı en dairələrindən fərqli olaraq, orta coğrafi en dairələrində yaşayan sağlam insanlar üçün heç bir narahatlığa səbəb olmayacağını deyib.
“Onlarda hətta bəzi hallarda gümrahlıq effektləri yarana bilər. Lakin risk qrupuna daxil olan insanlara (ürək-qan-damar sisteminin xroniki xəstələri, ahıl insanlar və qismən uşaqlar) həkim məsləhəti əsasında profilaktik tədbirlər görmələri tövsiyə olunur. Yaxşı olar ki, belə insanlar təşvişə düşməsin və “aktiv istirahət” etsinlər.
Meteoroloji şəraitin son günlər müşahidə olunan kəskin dəyişmələri kosmik hava ilə birgə təsir etdikdə, neqativ halların daha da güclənməsi istisna edilmir. Geomaqnit qasırğalarının bir sıra texnoloji sistemlərə zəif təsir edərək kommunikasiya radiodalğalarında qısamüddətli sönmələr (və ya “donmalar”) və radiasiya fırtınaları yaratması da mümkündür”.
Publika.az