Fevralın 5-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 98 illiyinə həsr olunmuş tədbir keçiriləcəkdir.
Musiqişünas Aysel Mirzəsoy bildirib ki, gecədə Qara Qarayev, Fərəc Qarayev və Dmitri Şostakoviçin əsərləri səsləndiriləcək.
Konsertdə İspaniyada təhsil alan, Beynəlxalq müsabiqələr laureatı, gənc skripkaçı Elvin Qəniyevin və U.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında D.Şostakoviçin skripka və orkestr üçün 1 saylı konserti, Fərəc Qarayevin “Quasi una Fantasia” və Q.Qarayevin 2 saylı simfoniyası ifa olunacaq.
Bildirilib ki, Qara Qarayev ikinci simfoniyasını heç bir məlum ədəbi əsər üzərində qurmayıb. Simfoniyada təsvir olunan musiqi surətləri aydın olduğu qədər də aktualdır.
Bəstəkarın diplom işi olan simfoniya ilk dəfə 1946-cı ildə ifa edilib. İlk ifasından sonra bəstəkar partituranı üzə çıxarmayıb. Əsər təxminən 70 ildən sonra Filarmoniyanın səhnəsində maestro Rauf Abdullayevin rəhbərliyi ilə səsləndiriləcək.
AZƏRTAC