Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdində yaradılan “Trames” kitab klubunun açılışı olub.
AGAT-dan bildiriblər ki, layihənin məqsədi Azərbaycan gəncliyini mütaliə etməyə həvəsləndirmək, bununla yanaşı, cəmiyyətdə kitaba verilən dəyəri artırmaqdır.
Açılışda kitab klubunun strukturu və gələcək planları barədə məlumat verilib, kluba ilkin olaraq 20 üzv qəbul edilib. Qeyd olunub ki, üzvlük oxu kartları vasitəsilə həyata keçiriləcək.
“Trames” klubunun daxili strukturuna əsasən həftədə bir dəfə klub üzvlərinin seçimi ilə təyin olunmuş bir kitabın müzakirəsi təşkil ediləcək. Eyni zamanda, “Trames”in beynəlxalq kitab şəbəkələrinə üzvlüyü və AGAT-ın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla ortaq layihələri planlaşdırılır. Gələcək planlar sırasına “Trames”in region filiallarının yaradılması da daxildir.
AZƏRTAC