Abşeronda inşa olunmuş yeni qəsəbələrdə mənzillərin telefonlaşdırılmasına başlanılıb
31.5.2012

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi Abşeronun yeni qəsəbələrində mənzillərin telefonlaşdırılması işlərinə start verib.

Nazirlikdən verilən məlumata görə, hazırda yeni qəsəbələrdə tikilən ATS-lərdə mənzillərin telefonlaşdırılması məqsədilə sənədləşdirmə işləri aparılır. Artıq Abşeron rayonu ərazisində ən böyük yaşayış massivi kimi tanınan «Qurtuluş-93» qəsəbəsində mənzillər tam telefonlaşdırılıb. Burada 3 008 nömrəlik 960 ADSL portlu yeni elektron ATS-dən (EATS) mənzillərə telefon çəkilişi həyata keçirilir. Eyni zamanda qəsəbədə bütün infrastruktur obyektləri də telefonlaşdırılacaq.

Bundan başqa, Masazır qəsəbəsinin «Atçılıq» yaşayış sahəsində də telefon problemi aradan qaldırılıb. Qəsəbədə 1 024 nömrəlik, 192 ADSL portlu yeni EATS avadanlığının montaj-quraşdırma işləri başa çatıb. Mənzillərin telefonlaşdırılması üçün eskiz layihə tam hazırdır, sənədləşmə işləri aparılır. Yeni EATS-in 1 600 metrlik fiber-optik xətt şəbəkəsinin tikinti işləri həyata keçirilib.

Abşeronun ən böyük qəsəbələrindən olan Hökməli kəndində mənzillərin telefonlaşdırılması üçün sənədləşmə işləri aparılır. Hökməli qəsəbəsində yeni 1 024 nömrəlik 192 ADSL portlu EATS-i tam montaj olunub.

Abşeron TQ Yeni Qobu yaşayış sahəsində quraşdırılacaq 1 024 NN-lik 192 ADSL portlu EATS-in montaj-quraşdırma işlərini başa çatdırıb. Qəsəbədə gələcəkdə yeni evlərin tikilməsi nəzərə alındığında gələcək nəsillərin belə telefon çəkdirmək problemi olmayacaq. Bundan başqa Qobustan kəndi ərazisində 512 NN-lik yeni EATS-in tələbatı ödəyəcək.

Xocasən qəsəbəsində Quşçuluq yaşayış massivinin telefona böyük tələbat olan bir hissəsində 640 abunəçilik (hər birində) ONU (Optik Network Union - Optik Şəbəkə Nöqtəsi) tipli stansiya avadanlıqları quraşdırılması başa çatıb. Xocasən qəsəbəsində ONU-nun quraşdırılması nəzərdə tutulan yerə qədər fiber-optik birləşdirici rabitə xəttinin quraşdırılması işləri başa çatdırılıb.

APA