Mədəniyyət və Turizm Nazirliyi on yaşını qeyd edib
29.1.2016

Yanvarın 29-də "JW Marriott Absheron Baku" mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 10 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Tədbirdə hökumət rəsmləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, media mənsubları iştirak ediblər.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin mədəniyyət və turizm sahələrində çalışanlar adından Azərbaycan mədəniyyətinin inkişafına töhfələr verən, hər zaman nazirliyin işini diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Nazir deyib ki, Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. Nazirlik fəaliyyətə başladığı vaxtdan etibarən respublikamızda mədəniyyətin və turizmin inkişafı istiqamətində mühüm xidmətlər göstərməkdədir. Fəaliyyət göstərdiyi müddətdə nazirlik tərəfindən beynəlxalq və ölkə əhəmiyyətli yüzlərlə tədbir keçirilib.

Prezident İlham Əliyevin mədəniyyətimizin təbliği və inkişafına böyük diqqət və qayğısından geniş söz açan nazir demişdir ki, son 10 ildə bu istiqamətdə 500 fərman və sərəncam imzalanmış, bir sıra Dövlət proqramı qəbul edilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan-UNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində müstəsna xidmətləri olduğunu diqqətə çatdıran nazir Azərbaycanın birinci xanımının ölkəmizin mədəni irsinin təbliği, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində gördüyü əvəzsiz işləri yüksək qiymətləndirib.

Tədbirdə nazirliyin 10 illik fəaliyyətini əks etdirən kataloq və son illərdə UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahılarına daxil edilmiş tar ifaçılığı və kəlağayı simvolizminə həsr edilmiş sosial videoçarx nümayiş olunub.

Sonra fəal əməkdaşlığa görə bütün televiziya kanallarının mədəniyyət sahəsini işıqlandıran əməkdaşları təltif edilib.

AZƏRTAC