Valideynlərin DİQQƏTİNƏ - İnternetdə uşaqlara nəzarət edə biləcəklər
29.1.2016

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların internetdən daha təhlükəsiz istifadəsi üçün yeni proqram hazırlayır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

Onun sözlərinə görə, yeni yaradılacaq “karantin proqramı” çərçivəsində uşaqlar internetdən hər hansı sözü axtarışa verəndə, filter proqram işə düşəcək:

“Bu məlumatlar kateqoriyasına uşaqların psixologiyasına zərər vuran, parnoqrafik, narkotikdən istifadə yolları, insan alveri ilə bağlı məlumatlar və s. daxildir. Karantin sistemi vasitəsilə həmin məlumatların axtarış nəticəsi avtomatik olaraq sistemdən çıxarılacaq. Uşaq bu məlumatları əldə edə bilməyəcək”.

E.Səfərov bildirib ki, bu proqram pulsuz şəkildə Komitənin veb-saytında yerləşdiriləcək:

“Çalışacağıq ki, digər saytlarda da yerləşdirilsin. İstənilən valideyn həmin proqramı evindəki kompüterə, planşetə, telefona yükləyə biləcək. Həmin proqram kompüterdəki bütün səhifələrə nəzarət edəcək. Uşaq proqram yüklənmiş kompüterdə “narkotik” sözünü axtaran kimi, bu barədə avtomatik olaraq valideynə məlumat veriləcək. Uşağın bu sözü nə üçün axtarışa verdiyi barədə valideyn övladı ilə söhbət apara biləcək. Övladını sağlam şəkildə böyütmək istəyən valideyn bu proqramdan istifadə edəcək”.

Komitə rəsmisi bildirib ki, bu il proqram təminatının yaradılması və onun tətbiqinə növbəti ildən başlanması planlaşdırılır.

publika.az