Çində ən ucuz mikrokompyuter hazırlanmışdır
31.5.2012

Çinə məxsus “Zero Devices” şirkəti yeni hazırladığı məhsulu - ən kiçik mikrokompyuteri təqdim etmişdir. Cəmi 198 qram çəkisi olan MK802 markalı qurğunu ovucun içində rahat yerləşdirmək mümkündür. Onun gücü HD-videonu izləməyə və başqa gündəlik tapşırıqları yerinə yetirməyə kifayət edir.

MK802-nin məhsuldarlığını 1,5 QHs takt tezliyi olan 1 nüvəli Allwiner A10 prosessoru təmin edir. MicroSD kartından istifadə imkanına malik mikrokompyuterin bortunda 512 Mb əməli yaddaş və 4 Qb həcmi olan fləş-yaddaş vardır. Qurğu, həmçinin USB 2.0, microUSB portları və Wi-Fi sistemi ilə təchiz olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildirmişlər ki, pitbit.ru saytının məlumatına görə, yeni mikrokompyuterin ən başlıca üstünlüyü onun qiymətinin çox ucuz, cəmi 74 dollar olmasıdır. Qurğunun əsas rəqibi olan FXI Cotton Candy isə 200 dollar dəyərindədir.

AzərTAc