“Azərbaycan xalçaları” jurnalının 16-cı nömrəsi işıq üzü görüb
2.2.2016

"Azərbaycan xalçaları" elmi-publisistik jurnalının yeni – XVI nömrəsi işıq üzü görüb. Jurnal bu dəfə də ənənəsinə sadiq qalaraq rəngarəng xalça nümunələri, taleyini bu sənətə bağlamış insanlar haqqında məqalələr, tədqiqat materialları, maraqlı reportajlar, yeni elmi araşdırmalarla oxucuların görüşünə gəlib.

Jurnalda Kannda keçirilən “Azərbaycan xalçaları incəsənətdə” adlı sərgiyə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin birgə keçirdiyi “Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə” mövzusunda müsabiqəyə həsr olunmuş materiallar dərc olunub.

Tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Karabakh region” (historical and ethnographical essay) (“Qarabağ bölgəsi: tarixi-etnoqrafik oçerk”) məqaləsində müxtəlif tarixi-etnoqrafik mənbələr, elmi ədəbiyyatlar əsasında Qarabağ bölgəsinin inzibati-siyasi, etnik və sosial-iqtisadi tarixinin bəzi mühüm məsələləri təhlil edilib. “Yurdlar və xalçalar” rubrikasında Oğuz rayonuna və qədim xalçaçılıq məntəqələrindən biri olan Baş Daşağıl kəndinə ekspedisiya səfəri zamanı toplanmış materiallar yer alıb. “Boyaqotunun xalçaçılıqda istifadəsi” məqaləsi Azərbaycanda bu qiymətli bitkinin becərilmə tarixi, məhsuldarlığı, həmçinin boyaq sənayesində istifadə imkanları haqqındadır.

Jurnal ənənələrinə sadiq qalaraq, öz səhifələrində dünya muzeylərində saxlanılan Azərbaycan xalçaları haqqında məlumatlar dərc etdirir. Bu dəfə oxuculara Boston İncəsənət Muzeyində saxlanılan Azərbaycan xalçaları haqqında ətraflı məlumatlar və fotoşəkillər təqdim olunur. Dərbəndin Dünya Mədəniyyətləri və Dinləri Tarixi Muzeyinin direktoru Diana Həsənova ilə müsahibə, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Azərbaycan xalçalarında əks olunan qədim motivlər”, sənətşünaslıq doktoru Kübra Əliyevanın “Tarixi yaşayış məskəni - Boyəhmədli”, tarix elmlər doktorları Mədinə Hümbətovanın “XIX-XX əsrin əvvəllərində Dağıstan azərbaycanlılarının ailə və nikah ənənələri” və Şirin Bünyadovanın “Azərbaycan atalar sözlərində toxuculuq məsələləri”, tarix üzrə fəlsəfə doktoru Ərşad Həsənovun “XVII əsrdə Azərbaycanda toxuculuq sənəti” və s. kimi elmi məqalələr, təhlillər tarix və sənətşünaslıq baxımından maraq doğurur.

Nəşrin baş redaktoru Əməkdar İncəsənət Xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.

azertag.az