Bakı Metropoliteninin paytaxtın mərkəzində yerləşən «28 May» stansiyasının əsas giriş-çıxışı təmirə bağlanır. Stansiyanın Salatın Əsgərova küçəsində yerləşən giriş-çıxışı isə fəaliyyətini davam etdirəcək. Bunu Metropolitenin baş mühəndisi Elbrus Muradov bildirib.
Onun sözlərinə görə, təmir işləri iyunun 10-dan başlayacaq və sentyabra qədər, yeni tədris ilin başlanmasına davam edəcək. Bu işlər çərçivəsində stansiyanın girişi təmir ediləcək və buradakı eskalatorlar dəyişdiriləcək.
E.Muradov hazırkı eskalatorların istismar müddətinin başa çatdığını bildirib: «Onlar «İçərişəhər» stansiyasında olduğu kimi daha müasir, Almaniya istehsalı olan eskalatorlarla əvəz ediləcək».
Təmir işləri nəticəsində stansiyada əlavə eskalatorun quraşdırılması və onların sayının 3-dən 4-ə çatdırılması nəzərdə tutulub. Rəis müavininin sözlərinə görə, bu yenilik sərnişinlərin hərəkətini asanlaşdıracaq, stansiyanın sərnişin qəbul etmə və sərnişin buraxma qabiliyyətini yüksəldəcək.
APA