Fevralın 4-də Təhsil Nazirliyinin Qəbul Portalının təqdimat mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmasının sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, eyni zamanda məlumatların ümumiləşdirilməsi üçün Vahid Qəbul Portalı yaradılıb.
Qəbul Portalının yaradılması Prezident İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanından və “Vətəndaşların müraciətləri haqqında” Qanundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.
Bildirək ki, bu portal vasitəsilə Təhsil Nazirliyinin daxilində və tabeliyində olan qurumlarda vətəndaşların qəbullara yazılması, yönləndirilməsi, prosesin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə qəbulun keçirilmə vaxtı barədə məlumatlandırılması və vətəndaş məmnunluğunun öyrənilməsi təşkil edilir. Portala daxil olan müraciətlərin statistikası aparılaraq təhlil edilir və toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır.
Qeyd edək ki, portaldan səmərəli istifadəni təmin etmək üçün Təhsil Nazirliyinin və tabe qurumların aidiyyəti əməkdaşları üçün təlimlər keçirilib.
Lent.az