“Azərbaycan Hava Yolları” QSC (AZAL) və Azərbaycan Milli Paralimpiya Komitəsi (ARMPK) əməkdaşlıq haqqında saziş imzalanıb.
AZAL-ın və Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, əməkdaşlıq AZAL-ın uçuşlar həyata keçirdiyi istiqamətlər üzrə beynəlxalq idman çempionatları və dünya kuboklarına idmançıların transferi, idman avadanlıqlarının daşınmasının əlavə rüsumlardan azad edilməsi, həmçinin əhali arasında paralimpiya idmanının təşviqi üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində AZAL sentyabr 7-dən 18-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarına idmançıların uçuşlarını təşkil edəcək.
Paralimpiya Oyunlarının mükafatçılarına AZAL-ın istənilən istiqamətlərinə bir il müddətinə etibarlı olan pulsuz biletlər təqdim olunacaq.
“Paralimpiya oyunları ölkəmizdə idmanın inkişafında vacib və ictimai əhəmiyyətli hadisədir. İdmançılarımıza dəstək olmaq bizim üçün böyük şərəfdir”, - deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.
“Paralimpiya oyunları fiziki imkanları məhdud idmançılar üçün ən mötəbər yarışlardan biridir. Bu oyunlara seçimlər təkcə milli yox, həm də beynəlxalq yarışlar çərçivəsində keçirilir. AZAL-ın dəstəyi ölkəmizdə paralimpiya idmanının inkişafına böyük töhfə verəcək”, - deyə ARMPK-nin vitse-prezidenti Şaiq Həmidov qeyd edib.
Paralimpiya oyunları fiziki imkanları məhdud insanlar üçün beynəlxalq idman yarışlarıdır. Ənənəvi olaraq yarışlar Olimpiya oyunlarından sonra keçirilir. Yay paralimpiya oyunları 1960-cı ildən, qış paralimpiya oyunları isə 1976-cı ildən etibarən keçirilir.
Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı il fevralın 9-da yaradılıb. Komitə 19 paralimpiya idmanı növündən 12-ni inkişaf etdirir. Tokioda keçiriləcək 2020 Paralimpiadasına kimi bu idman növlərinə daha 2-si əlavə ediləcək.
APA