Naxçıvanda dövlət orqanlarında test imtahanı ilə dövlət qulluğuna qəbul qaydası dəyişib
11.2.2016

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları”nı təsdiqləyib.

Bu gündən qüvvəyə minən yeni Qaydanın qəbulu ilə əlaqədar Komissiyanın 2011-ci il 11 mart tarixli “Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları” ləğv edilib.

Test imtahanının məqsədi dövlət qulluğuna qəbul edilmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada namizəd kimi qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşlarının dünyagörüşü, Azərbaycan, o cümlədən Naxçıvan haqqında ümumi biliklərinin, Azərbaycan dili üzrə biliklərinin, müvafiq qanunvericilik və informasiya texnologiyalarından istifadə üzrə biliklərinin, məntiqi düşünmə qabiliyyətinin yoxlanılmasıdır. İmtahanın keçirilmə yeri və tarixi Komissiya tərəfindən müəyyən edilir və imtahanın keçirilməsinə azı 5 gün qalmış bu barədə Komissiyanın rəsmi internet saytında məlumat verilir. İmtahan informasiya təhlükəsizliyinə riayət edilmək şərti ilə xüsusi proqram təminatı vasitəsi ilə keçirilir. Namizəd şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə qeydiyyatdan keçir və imtahan zalında müəyyən edilmiş qaydada yerləşdirilir.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. İmtahan testi dünyagörüşü, Azərbaycan, o cümlədən Naxçıvan haqqında ümumi biliklərin və Azərbaycan dili üzrə biliklərin yoxlanılması üçün 15 test tapşırığı, qanunvericilik üzrə biliklərin yoxlanılması üçün 40 test tapşırığı, informasiya texnologiyalarından istifadə üzrə biliklərin yoxlanılması üçün 15 test tapşırığı, məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün 30 test tapşırığından ibarət test bloklarından ibarətdir. Namizədlərə imtahan testinin yerinə yetirilməsi üçün 2 saat 30 dəqiqə vaxt ayrılır. İmtahanda namizədə təqdim edilən test tapşırıqlarına verilmiş hər bir düzgün cavab 1 balla qiymətləndirilir. İnzibati vəzifələrin altıncı və yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə təqdim olunan 100 test tapşırığından ibarət imtahan testinin azı 70 faizini düzgün cavablandırmış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir.

APA