Bu gün Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür
15.2.2016

Hər il fevral ayının 15-i dünyada Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir. Həmin gün bütün dünyada xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə yardım olunur, bu xəstəliyə dair əhali maarifləndirilir. Bu gün, həm də onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara dünya ictimaiyyətinin diqqətini yönəltmək üçün mühüm əhəmiyyət kəsb edir. Həmin gün bütün dünya xərçəng xəstəliyindən vəfat etmiş uşaqların xatirəsini anır və xərçəngə qalib gəlmiş uşaqların fədakarlığını qeyd edir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin nəzdində regionda birinci olan Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Uşaq Onkoloji Klinikasının yaradılmasında Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin böyük əməyi vardır. Hazırda Uşaq Onkoloji Klinikası regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir. Burada beynəlxalq protokollara uyğun olaraq kompleks müalicənin bütün növləri mükəmməlliklə icra edilir, o cümlədən kimya və şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır. Klinikada ambulator və poliklinik şöbə, kimya terapiyası, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir.

Keçən ilin dekabr ayında Uşaq Onkoloji Klinikasının bazasında "Uşaq Xərçəng Xəstəliklərinin Milli Alt-Registri" də təsis edilib.

AZƏRTAC