“Gəncə 2016 - Avropanın Gənclər Paytaxtı” layihəsinin mart ayında yerli və xarici qonaqların iştirakı ilə təqdimat mərasimi keçiriləcək.
Bu barədə müsahibəsində Gəncə şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov bildirib.
İdarə rəisi deyib ki, layihə çərçivəsində Gəncə şəhərində, ümumilikdə, 43 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Layihələrdən 4-ü artıq uğurla icra olunub. Digər 39 layihə isə 28-i beynəlxalq, 11-i isə yerli əhəmiyyətli olmaqla, beş sahəni əhatə edir. Bu sahələr gənclərin fəallığının artırılması, gənclərin məşğulluğu, təhsil, könüllülük və sosial rifahdır.
Müşfiq Cəfərov onu da qeyd edib ki, layihələr həyata keçirilən zaman Azərbaycanda və Avropada fəaliyyət göstərən gənclər təşkilatlarının da iştirakı təmin ediləcək.
AZƏRTAC