Ənənəvi Novruz şənliyinə hazırlıqla bağlı tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir müavini Ədalət Vəliyev bildirib ki, Novruz bayramı hər il olduğu kimi, bu il də dövlət səviyyəsində geniş şəkildə qeyd olunacaq: “Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı ənənəvi bayram proqramı rəngarəng görüntülər, yeniliklər, əlamətdar məqamlarla yadda qalacaq. Martın 19-da Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək Novruz şənliyinə hazırlıq işləri sürətlə aparılmalıdır. Bu il də ölkəmizin teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş şəkildə hazırlıq işləri aparılır”.
Qeyd olunub ki, Novruz şölənində bölgələri əhatə edən milli mətbəx nümunələri, rayonların kənd təsərrüfatı məhsulları, bayram adət-ənənələri nümayiş olunacaq, xalq tətbiqi sənət nümunələri sərgilənəcək. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan xalçalar da təqdim olunacaq. Mərasimdə çıxış edəcək muğam ifaçıları və aşıqlar, həmçinin digər musiqi qrupları da müəyyənləşib.
Ə. Vəliyev əlavə edib ki, Novruz şənliyində bu il 17-19 iyun tarixində Bakıda keçiriləcək “Formula 1” üzrə Avropa "Qran-pri" mərhələsinə həsr olunmuş xüsusi stendlər də nümayiş etdiriləcək. Ölkədə yaşayan azsaylı xalqların adət-ənənəsini və özünəməxsusluqlarını ehtiva edən təqdimatlar “Multikulturalizm ili”nə töhfə olacaq.
APA