Azərbaycanda elektron viza almaq asanlaşdı
19.2.2016

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 118-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, Miqrasiya Məcəlləsinin 38.3-cü maddəsinin ikinci cümləsində “10 gün” sözləri “5 iş günü” sözləri ilə əvəz edilir.

Belə ki, məcəllənin 38-ci maddəsinin (Turistlərə verilən elektron vizalar) 3-cü bəndində qeyd olunur:

“Elektron vizanın alınması üçün Azərbaycan Respublikasında akkreditasiyadan keçmiş turizm şirkəti müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə-anketi dolduraraq, şəxsin pasportunun, fotoşəklinin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) skan olunmuş surətlərini əlavə edir.

Sənədlər daxil olduqdan sonra onlara bu Məcəllənin 37-ci maddəsi ilə müəyyən edilmiş qaydada ən geci 10 gün (yeni sərəncamla 5 gün - red.) keçənədək baxılır və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış məlumat verilir”.

www.oxu.az