Ötən gün “Qəbələ” Futbol Klubunun təşkilatçılığı ilə 15 yaşlı futbolçular arasında keçirilən “Qəbələ kuboku-2012” birinci beynəlxalq futbol turnirinin final qarşılaşması olub. Saat 20:00-da Qəbələ şəhər stadionunda keçirilən final oyununda Türkiyənin “Qalatasaray” və “Serbiya MK” klubları qarşılaşmışlar. Gərgin mübarizə şəraitində keçən oyun “Qalatasaray”ın 4:2 hesablı qələbəsi ilə başa çatmışdır və türkiyəli futbolçular turnirin qalibi olmuşlar.
Oyunu izləmək üçün stadiona toplaşan azarkeşlərinə təşəkkür edən “Qalatasaray”ın üzvləri qələbə sevincini onlarla bölüşmüş və mükafatlandırma mərasiminə Azərbaycan bayrağı ilə çıxıblar.
Həmin gün turnirin digər oyunları da keçirilmişdir. VII yer uğrunda mübarizə aparan “Qarabağ” – Hollandiyanın “Feyenoord” komandasına 0:5 hesabı ilə uduzaraq turniri 8-ci pillədə başa vurmuşdur. “Qəbələ” komandası isə “Vilyarreal”ə (İspaniya) 1:4 məğlub olaraq 6-cı yerlə kifayətlənmişdir. Beynəlxalq turniri “Brondbü” (Danimarka) 4-cü, İspaniyanın “Levante” komandası isə 3-cü pillədə başa vurmuşlar. Oyun “levante”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Turnir başa çatdıqdan sonra komandaların təltifetmə mərasimi olub. Əvvəlcə müxtəlif nominasiyalar üzrə futbolçulara mükafatlar verilib. Sonra “Qəbələ” klubunun prezidenti Tale Heydərov turnirin kubokunu “Qalatasaray” komandasına təqdim edib.
AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və “Qəbələ” Futbol Klubunun vitse-prezidenti Fariz Nəcəfov ilk 3 yerin sahiblərinə medallar veriblər.
http://anspress.com