Turizm sahəsində ilk elektron xəbər bülleteni yayımlanıb
23.2.2016

Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində ilk elektron xəbər bülletenini yayımlayıb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində elektron təbliğatı gücləndirmək məqsədi ilə elektron xəbər bülletenlərinin (e-newsletter) hazırlanmasına başlayıb.

Nazilikdən verilən məlumata görə, ilk belə xəbər bülleteni fevralın 17-də yayımlanıb.

Elektron xəbər bülletenləri rəqəmsal marketinq fəaliyyətinin bir hissəsi kimi ən effektiv alətlərindən biri hesab edilir.

Bülleten bir neçə bölmədən ibarət olmaqla ölkəmizin turizm sənayesində baş verən önəmli hadisələr və yeniliklər, eləcə də Azərbaycanın ev sahibi və ya iştirakçı olacağı mühüm tədbirlər barədə məlumatları özündə əks etdirir.

Bülletendə Azərbaycanda yaxın aylarda keçiriləcək Lüsern Dünya Turizm Forumu və Birləşmiş Millətlərin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, eləcə də 15-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi kimi mühüm tədbirlər barədə keçidlər yerləşdirilmişdir. Bununla yanaşı, Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədilə bülletendə həmçinin Şahdağda xizəksürmə, Novruz bayramı, Bakıda Formula 1 – Avropa Qran Prisi haqqında da xəbərlər var.

Bülletenin ilk buraxılışı dünyanın müxtəlif ölkələrin turizm sahəsi üzrə fəaliyyət göstərən 3000-dən artıq peşəkarlarına çatdırılıb. Növbəti aylarda hədəf kütləsinin bir neçə dəfə artırılması istiqamətində iş aparılır.

info@azerbaijan.travel elektron poçt ünvanının mövzu hissəsinə “subscribe” sözünü göndərməklə aylıq yayımlanan bülletenə abunə yazılmaq mümkündür.

Xeberler.az