26 fevral, Xocalı soyqırımının 24-cü ildönümündə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus aviareyslərdə Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş etdiriləcək.
Aksiya Trend Beynəlxalq İnformasiya Agentliyi ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin birgə layihəsi əsasında həyata keçiriləcək.
Videoçarx ingilis dilində "Azərbaycan Hava Yolları"na məxsus "overhead" tipli monitorlarla (başüstü monitorlar oturacaqların üzərində yerləşir) təchiz olunan bütün təyyarələrin uçuşları zamanı nümayiş etdiriləcək.
Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Emil Hüseynli açıqlamasında bildirib ki, belə bir aksiyanın məqsədi "Azərbaycan Hava Yolları"na məxsus təyyarələrdən istifadə edən əcnəbi vətəndaşları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdır.
O, "Azərbaycan Hava Yolları"nın rəhbərliyinə layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Videoçarx ilə aşağıdakı keçid vasitəsi ilə tanış olmaq olar: https://www.youtube.com/watch?v=aHIrmimp578
Milli.az