Şəkərli diabetdən əziyyət çəkən insanın orqanizmində qlükozanın miqdarı təkcə qanda deyil, həmçinin göz yaşında da artır.
Amerikanın Akron Universitetinin əməkdaşları xəstəliyin bu xüsusiyyətindən yararlanaraq daxilində qlükometr quraşdırılmış kontakt linzanın prototipini hazırlamışlar.
Linzalar son dərəcə sadə prinsiplə işləyir. Qanda qlükozanın dərəcəsi artdıqda onlar rənglərini dəyişirlər. İnsan vaxtaşırı güzgüyə baxaraq vəziyyəti nəzarətdə saxlaya bilir.
Lakin alimlər daha irəli gedərək gözün şəkli və linzanın rənginə görə qanda şəkərin dəqiq miqdarını təyin edə bilən xüsusi proqram hazırlamışlar.
Mütəxəssislər əmindirlər ki, diabetə nəzarətin yeni üsulu insanların əksəriyyətinin ürəyincə olacaqdır. Onlar artıq digər qlükometrlərdən fərqli olaraq, qan damcılarını təhlil etmək məqsədilə müntəzəm olaraq barmaqlarını zədələmək məcburiyyətində qalmayacaqlar.
AzərTAc