Bu çərşənbədə tonqalın yandırılması ilin isti, bərəkətli keçməsinə işarədir.
Bu gün Azərbaycanda Od çərşənbəsidir.
Ilin axır çərşənbələrindən ikincisi olan Od çərşənbəsi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır.
Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə-od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür.
Mövcud tədqiqatlarda bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin aktiv mövcudluğu daha çox odun sakral mahiyyəti ilə əlaqələndirilib.
Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır.
Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər.
Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
www.oxu.az