Startap Azərbaycan-da qeydiyyat başladı
3.3.2016

Startap Azərbaycan Təşkilat Komitəsi bildirir ki, bu gündən Startap Azərbaycan 2016 layihəsinə qeydiyyat başlayıb.

TK-dən verilən məlumata görə, startap layihələrinin qeydiyyat müddəti www.startup.az resursunda aprel ayının sonunadək davam edəcək.

Startap Azərbaycan TK-nın qərarına görə bu il yalnız fəaliyyətdə olan, ilkin versiyası hazır olan layihələr (saytın və ya mobil tətbiqin demo versiyası olan, yalnız ideyadan, prototipdən ibarət olmayan layihələr) müsabiqədə iştirak edə biləcək.

Məlumatda qeyd edilib ki, layihələrlə bərabər investorlar, mentorlar, developerlər və İT mütəxəssislər də bu resursda qeydiyyatdan keçə bilər.

Startap Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Qeyd edilib ki, layihə çərçivəsində milli startapların müsabiqəsinin, startapçılar üçün təlimlərin, universitetlərdə startap görüşlərinin, Startap Günlərinin, investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.

Müsabiqədə fərqlənən startaplara yerli və xarici ekspertlərin dəstəyi ilə xüsusi təlimlər keçiriləcək. Layihə çərçivəsində startaplara komanda formalaşdırmağa köməklik göstərilir.

Yekun təqdimat mərasiminin isə may ayında keçirilməsi nəzərdə tutulur.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

Xeberler.az