Nikaha daxil olmaq istəyənlər hepatitlərə görə də müayinə olunacaqlar
4.3.2016

Yaxın vaxtlarda Azərbaycanda nikaha daxil olmaq istəyənlər hepatitlərin bütün növlərinə görə də müayinə olunacaqlar.

Bunu B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında keçirilən “dəyirmi masa”da Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov çıxışı zamanı deyib.

O bildirib ki, bununla da ölkədə nikaha daxil olmaq istəyən cütlüklərin müayinəsi üçün analizlərin sayı artırılacaq.

Baş hematoloq Azərbaycanda talassemiya xəstələrinin ən çox olduğu rayonların adını da açıqlayıb. Bildirib ki, hazırda Şəki, Ağdaş və Kürdəmirdə, eləcə də cənub rayonlarında talassemiya xəstəliyinə daha çox rast gəlinir.

Ç.Əsədov qeyd edib ki, hazırda Azərbaycanda 1000 nəfər leykoz xəstəsi qeydiyyatdadır və onların sayı digər ölkələrlə müqayisədə daha azdır. O, ölkəmizdə bu xəstələrin sayının az olmasını son illər ekoloji vəziyyətin yaxşılaşması və qidalanmanın düzgün olması ilə əlaqələndirib.

AZƏRTAC