Bakıda “Nizami” Kino Mərkəzində Kənan Musayevin “Zaman adlı qatar” bədii filminin qala-gecəsi keçirilib.
Yaradıcı heyət əvvəlcə qonaqların və jurnalistlərin suallarını cavablandırıb. Filmin baş prodüseri Valeri İlişayev xüsusi olaraq premyera üçün Moskvadan gəlib.
Filmdə Azərbaycan kinosunun korifeyləri - Həmidə Ömərova və Ayaz Salayevdən başqa, Oksana Rəsulova, Vüsal Murtuzəliyev, Könül Nağıyeva, Murad Məmmədov, Suğra Bağırzadə, Şəhriyar Əbilov və digərləri çəkiliblər. Kiçik qız Zeynəb obrazını 8 yaşlı Ayan Babayeva canlandırıb. Üstəlik, tanınmış rejissor A. Salayev ilk dəfə olaraq aktyor kimi debüt edib.
Ulduzlarla çoxsaylı müsahibə, foto və “selfi”dən sonra tamaşaçılar zala keçiblər. Açılışda tanınmış şoumen, televiziya aparacısı, keçmiş KVN-çi, əməkdar artist Murad Dadaşov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün qadınları təbrik edib və yaradıcı kollektivi səhnəyə dəvət edib.
K. Musayev bildirib ki, film 2007-ci ildə Mərdəkanda baş vermiş real hadisələr əsasında çəkilib:
“Film analara həsr edilib. Ana sevgisinin dəyərini göstərməyə çalışan filmin şüarı belədir: Analar qüvvətlidir! Həqiqətən də ananın öz övladına olan sevgisindən daha güclü və möhkəm nə ola bilər. Məhz buna görə də filmin premyerasını belə əlamətdar tarixə təyin etdik”.
H. Ömərova, A. Salayev, O. Rəsulova, S. Bağırzadə və başqaları ümid etdiklərini bildiriblər ki, film tamaşaçıların xoşuna gələcək, müasir Azərbaycan kinematoqrafiyasının parlaq hadisəsi olacaq və ölkənin kino sənayesinin inkişafına öz töhfəsini verəcək. Həmçinin qeyd edilib ki, film Azərbaycanın xalq artisti İlham Əsgərovun son rolu olub.
Film ilk tamaşası uğulu olub. Ayrı-ayrı epizodlardan təsirlənib göz yaşlarını saxlaya bilməyənlər də olub, hisslərinə hakim ola bilməyib yaradıcı kollektivi alqışlayanlar da.
Filmin süjeti ilə maraqlananlar üçün qeyd edək ki, bir-birini çox sevən gənc İradə və Fuad cütlüyü gözlənilməz bədbəxtliklə üzləşir. İradə ağır xəstəlikdən vəfat edir. Lakin onu 5 yaşlı qızı Zeynəb səbirsizliklə gözləyir... Fuadın anası Sənubər xanım və onun oğlu uşağa anasının artıq həyatda olmadığını izah etmək üçün hər şey edirlər, lakin kiçikyaşlı qız inanmır və anasını gözləməyə davam edir. Tamamilə təsadüfən Sənubər xanım lövhələrin birində vəfat edən gəlininə çox oxşayan parlamaqda olan ulduz Leylanı görür... Bəlkə də İradə bu dünyadan gedərkən öz əkizi Leylaya əsas xəzinəsi- sevmək bacarığını qoyub gedib... Bəlkə də Fuad və Leylanın xoşbəxt olmaq üçün şansları var, Zeynəb isə yenidən anasına qovuşa bilər?...
Filmin ideya müəllifi Kənan Musayev, ssenari müəllifi Nərgiz Bağırzadə, operatoru Yura Varnovski, bəstəkarı İnarə Rəsulova, baş prodüserİ Valeri İlişayevdir.
Filmə martın 31-dən şəhərin bütün kinoteatrlarında baxmaq mümkün olacaq.
publika.az/