“Hər suala bir cavab” ensiklopedik toplunun birinci cildi çap olunub
9.3.2016

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin orta məktəb şagirdlərinə əlavə oxu vəsaiti kimi nəzərdə tutulmuş “Hər suala bir cavab” çoxcildlik ensiklopedik toplunun birinci cildi nəşr edilib.

Tərcümə Mərkəzindən bildirilib ki, “Bizi əhatə edən aləm”, “İnsan orqanizmi”, “Başqa məxluqlar necə yaşayır?” və digər bu kimi bölmələrdən ibarət nəşr özündə 300-dən çox mövzuya dair qısa, ensiklopedik məlumatı cəmləyir.

Nəfis tərtibatlı bu ensiklopedik toplu əsasən 7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub. 368 səhifəlik bu kitabda uşaqları düşündürən bir çox məsələlərə dolğun, əhatəli cavablar var.

Kitaba yazılmış “Dünya, kitab və biz” başlıqlı “Ön söz”də deyilir: “Biz o iddiada deyilik ki, “Hər suala bir cavab” silsiləsindən olan kitablarımızı oxuya-oxuya savadlanacaq, alim olacaqsınız. Məqsəd dünyagörüşünüzü genişləndirmək, sizi istənilən auditoriyada həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir”.

İnanırıq ki, Tərcümə Mərkəzinin bu silsilədən olan kitablarını alıb oxumaqla uşaqlar minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqlar.

azertag.az