Bu gün - iyunun 5-i dünyada Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd edilir.
XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı.
Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar.
Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar.
Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.
5 iyun 1972-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub.
Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar Yaponiya və Seneqalın təklifi ilə 5 iyunun Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar veriblər və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Munun 5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar müraciəti yayılıb.
Müraciətdə bildirilir ki, dünya əhalisinin sayı 7 milyarddır və bu rəqəm 2050-ci ilədək 9 milyardı ötə bilər. Bu isə əhali sıxlığından əziyyət çəkən şəhərlərə, o cümlədən qida, su və enerjiyə tələbatın artması səbəbindən təbii ehtiyatlara daha çox təzyiqin olacağı deməkdir. Bu, həmçinin daha çox insanın iş axtaracağı deməkdir.
Bütün dünyada hazırda 1,3 milyard insan işsizlikdən, yaxud layiqli iş yerinin olmamasından əziyyət çəkir. Hesablamalara görə, növbəti on il ərzində daha yarım milyard insan əmək bazarına qoşulacaqdır. Ağıllı siyasət və düzgün investisiya qoyuluşu vasitəsilə ölkələr ətraf mühiti mühafizə edə, iqtisadiyyatlarını inkişaf etdirə, layiqli iş yerləri aça və sosial inkişafı sürətləndirə bilərlər.
Baş katib bildirir ki, bu ay keçiriləcək “Rio+20” konfransı davamlı inkişafa dair qlobal öhdəlikləri təyin etmək imkanı yaradır.
“Biz razılaşmalıyıq ki, Rioda artım və pulun yalnız ümumi daxili məhsul vasitəsilə ölçülməsi adekvat deyildir.
Dünya ölkələri qarşılarına minilliyin inkişaf məqsədlərinin nailiyyətlərini möhkəmləndirəcək bir sıra davamlı inkişaf hədəfləri qoymalıdırlar. Biz, eyni zamanda, davamlılığın əsası olan enerji, su, qida, şəhərlər, okeanlar, iş yerləri və qadınların səlahiyyətlərinin artırılması kimi məsələlərdə də inkişafa nail olmalıyıq”.
Müraciət bu sözlərlə qurtarır:
“Rioda dünyanın davamlı artım və inkişaf trayektoriyasını daha da yüksəltmək üçün tərəfdaşlarımızı səfərbər etməliyik. Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə və bu tarixi konfransa az vaxt qaldığı bir dövrdə mən hökumətləri, biznesmenləri və cəmiyyətin bütün üzvlərini istədiyimiz davamlı gələcəyə nail olmaq üçün hərtərəfli seçimlər etməyə çağırıram”.
Qeyd edək ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ölkəmizdə də geniş şəkildə qeyd edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.
Bu il də 5 iyun Ümumdünya Ətraf Mühit Günü ərəfəsində Bakıda və respublikanın rayonlarında ictimaiyyətlə birgə iməciliklər təşkil olunacaq, yaşıllıqlara qulluq ediləcək, o cümlədən bir sıra yerlərdə təmizlik abadlıq işləri aparılaraq ərazilər məişət tullantılarından təmizlənəcək.
Gün.Az