İdmançımız Avropa çempionu oldu
9.3.2016

Mariya Stadnik - güləşçi Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Mariya Stadnik Avropa çempionu oldu. Yarışın ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparıb.Bu barədə Güləş federasiyası məlumat yayıb.

Qadın güləşi üzrə yığmamızın kapitanı Mariya Stadnik (48 kq) finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb. Əvvəlcə Ukrayna təmsilçisi Oleksandra Kogutu, ardınca Rusiya təmsilçisi Valentina İslamovanı, yarımfinalda isə Bolqarıstandan Elitsa Yakonvanı tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rumıniya təmsilçisi Emilia Vuc olub. Rəqibinə heç bir şans verməyən Mariya Stadnik növbəti dəfə Avropa çempionu adına sahib olub.

Sərbəst güləş üzrə yarışlarda 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Aleksandr Qostiyev də finala qədər bütün rəqiblərindən üstün olub. İlk rəqib Polşadan olan Zbiqnev Baranovski güləşçimizlə görüşə çıxmayıb. Ardınca London Olimpiadasının bürünc medalçısı gürcü Dato Marsaqişvilini üstələyən Qostiyev yarımfinalda Belarus təmsilçisi Aliaksandr Huştini məğlub edib. Finalda güləşçimizin rəqibi Rusiyadan Şamil Kudiamaqomedov olub. Həlledici görüşdə rəqibinə uduzan idmançımız Avropa çempionatını gümüş medalla başa vurub.

57 kq çəkidə mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov ilk görüşdə Latviya təmsilçisi Eduards Kucepalovsdan üstün olub. Ardınca Ukrayna təmsilçisi Andriy Yatsenkoyla gərgin keçən görüşdə minimal hesabla məğlub olan Mahir rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılıb. Almaniyadan Marcel Evald üzərində qazandığı qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə Mahir Əmiraslanovun rəqibi Rumıniyadan Andrey Dukov olub. Bu dəfə rəqibinə uduzan güləşçimiz çempionatı 5-ci pillədə tamamlayıb.

Əlavə edək ki, ötən gün Dünya Güləş Birliyi 2016-cı ilin qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Qadın güləşçilərin reytinq sıralamasında 6 güləşçimizin adı var. Son Dünya çempionatının gümüş medalçısı Mariya Stadnik ötən ay Kiyevdə keçirilən beynəlxalq turnirdə qalib gələrək reytinq siyahısında yenidən birinciliyə yüksəlib. Mariya bu günədək 4 dəfə (2008, 2009, 2011, 2014) Avropa çempionu, ötən il isə ilk Avropa Oyunlarının qalibi olub.

anspress.com