Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
9.3.2016

2016/2017-ci tədris ili üçün ali təhsilin magistratura səviyyəsinə bu il martın 6-da keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildiriblər ki, imtahanın nəticələri TQDK-nın internet səhifəsində yerləşdirilib.

Bakalavrlar imtahanın nəticələri barədə məlumatı Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər.

Hər bir bakalavr, həmçinin TQDK-nın internet saytına daxil olmaqla öz cavab kartlarının qrafik təsviri ilə də tanış ola bilər.

İmtahanda iştirak etmək üçün 24 min 110 bakalavr qeydiyyatdan keçib. Onlardan 1695-i imtahana gəlməyib, dörd nəfər qaydalara zidd hərəkətlərə yol verdiyi üçün imtahandan xaric olunub. On bakalavr isə qaydalara zidd olaraq sual kitabçalarını imtahandan sonra özləri ilə apardığı üçün imtahan nəticələri araşdırılır.

İmtahanda ən yüksək nəticə 96 bal olub.

azertag.az