Azərbaycanı Stokholmda “Miracle” adlı mahnı ilə Səmra Rəhimli təmsil edəcək
10.3.2016

Azərbaycanı builki "Eurovision-2016" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin martın 10-da iclası keçirilib.

İctimai Televiziyadan bildirilib ki, toplantıda ölkəmizi "Eurovision 2016" mahnı müsabiqəsində Səmra Rəhimlinin təmsil edəcəyi müəyyənləşdirilib. O, müsabiqədə "Miracle" mahnısını ifa edəcək.

21 yaşlı ifaçı mayın 10-da baş tutacaq ilk yarımfinalda “Eurovision” səhnəsinə çıxacaq. Bir çox musiqi yarışmalarında iştirak edən ifaçı 2016-cı ilin mart ayında “Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümünün finalçısına çevrilib.

İfaçı və mahnı İctimai Televiziya tərəfindən keçirilmiş daxili və gizli səsvermə, o cümlədən 100 televiziya və musiqi eksperti və Avropanın 35 ölkəsindən olan “Eurovision” azarkeşlərinin rəyi əsasında seçilib.

azertag.az