10 Mart - Milli Teatr Günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) teatr sənətinin inkişafında xidmətləri olan bir qrup şəxsə mükafatlar təqdim olunub.
Ittifaqın sədri, Xalq Artisti Azərpaşa Nemət bütün sənət adamlarını təbrik edib, teatrın şanlı tarixindən, sənətdə iz qoymuş müqtədir sənətkarlardan söhbət açıb.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Azərbaycan teatr sənətinin keçdiyi tarixi yola nəzər salıb, qazanılan uğurlardan və nəzərdə tutulan işlərdən danışıb.
Bildirilib ki, uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
Azərbaycan teatr sənətinin inkişafına töhfələr verən insanların əməyinin hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini söyləyən Ə.Vəliyev deyib ki, Mədəniyyət və Turizm Naziri də bu istiqamətdə mühüm işlər görür. Belə ki, hər il onlarla teatr xadiminə müxtəlif mükafatlar təqdim edilir. Ənənəsinə sadiq qalan nazirlik bu il də teatr sənətimizin inkişafında zəhməti olanları əlamətdar gün münasibətilə mükafatlandıracaq.
Sonra bir qrup teatr işçisinə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı və fəxri fərmanlar təqdim edilib. Həmçinin, bu sənətin inkişafın töhfə verən bir qrup sənətkara ATXİ-nin təsis etdiyi “Sənətkar” medalı və fəxri fərmanlar verilib. Eyni zamanda, Xalq Artisti Eldar Quliyevə və Xalq Rəssamı Fərhad Xəlilova Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri üzvü vəsiqəsi təqdim olunub.
Mədəniyyət və Turizm Nazirliyinə, həmçinin Teatr Xadimləri İttifaqının rəhbərliyinə minnətdarlığını bildirən mükafatçılar Azərbaycanda dövlət səviyyəsində sənətə və sənətkara verilən qiymətdən söz açıb və teatr sənətimizin inkişafı naminə bundan sonra da əzmlə fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.
azertag.az