Qax Dövlət Kukla Teatrı azyaşlı izləyicilərini yeni tamaşa ilə sevindirib
10.3.2016

Martın 10-u Azərbaycanda Milli Teatr Günüdür. Bu münasibətilə Qax Dövlət Kukla Teatrının yaradıcı kollektivi azyaşlı izləyicilərinə yeni tamaşa hədiyyə edib.

Teatrda A.S.Puşkinin “Qızıl balıq” əsəri əsasında hazırlanan eyniadlı tamaşa üzərində məşqlər artıq yekunlaşıb və yeni səhnə əsəri teatrsevərlərə təqdim olunub.

Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Araz Mehrablı (qoca), Afət Yaqubova (qarı), Elnarə Babayeva (qızıl balıq) ifa edirlər. Tamaşanın musiqisi görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun simfoniyaları əsasında tərtib olunub. Tamaşaya ictimai baxış uğurla başa çatıb.

Hazırda teatrda 2016-cı ilin repertuarına daxil edilən “Sehirli torba” nağılı əsasında yeni tamaşa üzərində məşqlərə başlanılıb. Yaradıcı kollektiv, eyni zamanda, Novruz şənlikləri ilə əlaqədar xüsusi tamaşa hazırlayır. Tamaşa yaz tətili günlərində məktəblilərə təqdim olunacaq.

azertag.az