Təhsil Nazirliyi elmi əsərləri mükafatlandıracaq
10.3.2016

Təhsil Nazirliyi Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr fəallığının daha da yüksəldilməsi məqsədilə “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərin mükafatlandırılması üzrə müsabiqə keçirəcək.

Nazirlikdən bildiriblər ki, müsabiqədə ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin keyfiyyət göstəricisi əsas götürüləcək. Müəlliflərin elmi fəaliyyətinin keyfiyyət göstəricisi Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiqlənmiş xüsusi metodika ilə müəyyənləşdiriləcək.

Müsabiqə ildə bir dəfə təqvim ilinin sonunda təşkil ediləcək və bununla bağlı ətraflı məlumat veriləcək.

Xatırladaq ki, 2015-ci il dekabrın 22-də Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, ölkənin 40 ali təhsil müəssisəsinə abunə imkanı ilə yanaşı, korporasiyanın məhsul və xidmətlərinə çıxış imkanı da yaradılıb. Eyni zamanda, nazirliyin əməkdaşlarına da “Web of Science” platformasının bazasına çıxış imkanı verilib.

azertag.az