Azərbaycan Dillər Universitetində (ADU) “Fransada təhsil: ən aşağı xərclərlə ən yaxşı seçim” mövzusunda təqdimat keçirilib.
ADU-dan bildiriblər ki, tədbirdə Fransanın ölkəmizdəki səfirliyinin universitetlərarası əlaqələr üzrə məsul şəxsi, Campus France Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Batist Minyo təqdimatla çıxış edərək Fransada təhsilin üstünlüklərindən söz açıb. Fransız dilini öyrənməyin gələcək iş karyerasına müsbət təsirini qeyd edən B.Minyo Campus universitetlərdə müxtəlif dərəcələr üzrə təhsil almaq üçün qəbul qaydaları, təqaüd proqramları, fransız və ingilis dillərində təhsil proqramları, tələbə vizası, Fransaya getmək imkanları məsələlərindən danışıb. Daha sonra o, Campus France Agentliyinin fəaliyyəti barədə məlumat verib.
Fransanın Azərbaycandakı səfirliyinin nəzdindəki Fransız İnstitutunun kurslar üzrə direktoru Ülfət İbrahim təmsil etdiyi qurumun fəaliyyəti, burada təşkil olunan fransız dili kursları və qeydiyyat qaydaları, həmçinin kursun müddəti haqqında danışıb.
Sonda tələbələrin sualları cavablandırılıb və onlara Fransa universitetləri ilə bağlı məlumatları əks etdirən broşürlər paylanılıb.
azertag.az