Azərbaycan Beynəlxalq Tərcüməçilər Federasiyasının toplantısında təmsil olunub
14.3.2016

Parisdə Beynəlxalq Tərcüməçilər Federasiyası (BTF) Şurasının növbəti illik toplantısı keçirilib.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının sədri İsmayıl Cəbrayılov və AZƏRTAC-ın nümayəndəsi tədbirdə iştirak edib.

Şuranın illik toplantısında BTF-nin 2015-ci ildə fəaliyyəti müzakirə olunub, işçi qrupların, komitələrin, Şura üzvlərinin hesabatları dinlənilib və fəaliyyətləri qiymətləndirilib.

Tədbirdə yeni təşkilatların üzvlük üçün müraciəti nəzərdən keçirilərək müvafiq qərarlar qəbul edilib.

Müzakirələr zamanı BTF-nin 2016-cı il üzrə fəaliyyət planı təsdiq olunub, qarşıda duran vəzifələr, prioritetlə müəyyənləşdirilib. Eyni zamanda dünyanın müxtəlif ölkələrində tərcüməçilərin hüquqları və mənafelərinin qorunması ilə bağlı məsələlərə diqqət yetirilib.

Qeyd edək ki, 2012-ci ildə BTF-nin müşahidəçi üzvü olan AGTA 2014-cü ilin avqustunda Ümumdünya Tərcümə Konqresində beynəlxalq federasiyanın tamhüquqlu üzv qəbul edilib və həmin tarixdən AGTA-nın sədri İ.Cəbrayılov 3 il müddətinə federasiyanın şurasına üzv seçilib.

lent.az