Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Novruz bayramı ərəfəsində “Paylaş” adlı xeyriyyə kampaniyasına start verib.
AGAT-dan bildiriblər ki, kampaniyanın məqsədi ehtiyacı olan insanları müxtəlif geyimlərlə təmin etməkdir. Kampaniya çərçivəsində çəkilən videoçarxda tanınmış şəxslərin insanları bu aksiyada fəal iştirak etməyə dair çağırışları yer alıb. Azərbaycanda 45 internat məktəbi fəaliyyət göstərir. Bu məktəblər yüzlərlə uşağı əhatə edir. Kampaniya məhz həmin uşaqların ehtiyaclarının ödənilməsinə yönəlib.
Kampaniyaya qoşulmaq istəyənlər istifadə etmədikləri geyimləri martın 19-dək Bakının Nərimanov rayonunda Həsənoğlu küçəsi - 8 ünvanında yerləşən Etika Akademiyasına təqdim edə bilərlər.
azertag.az