“Formula 1 Avropa Qran Prisi jurnalistlərin gözü ilə” müsabiqəsi ən məşhur və ən bahalı motor-idman yarışını Sizin gözünüzdən tanıtmaq üçün möhtəşəm bir şansdır. Biz ümid edirik ki, Siz təqdim edəcəyimiz mövzular üzrə yazdığınız məqalələrlə müsabiqəyə qatılaraq öz təəssüratlarınızı bizimlə bölüşəcək və Formula 1 motor-idman mədəniyyətinə dair anlayışın yayılmasına öz töhfənizi verəcəksiniz.
Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.
Bildirilir ki, bu müsabiqə ailələri, iş icmalarını, gələcəyin idmançılarını, mühəndis tələbələri, elmi işçiləri, incəsənət sevərləri və kimliyindən asılı olmayaraq ölkənin dörd bir yanından olan ictimaiyyəti növbəti 5 il ərzində Azərbaycanda keçiriləcək bu nəhəng idman yarışında fəal iştiraka səsləyən məqalələrinizi təqdim edəcəyiniz böyük platformadır. Odur ki, daha nəyi gözləyirsiniz? Elə bu gün müsabiqəmizə qatılın.
Müsabiqədə kimlər iştirak edə bilər?
Müsabiqəyə Azərbaycanda yaşayan və işləyən bütün jurnalistlərin qatılmaq hüququ var. Müsabiqədə iştirak etmək üçün azı 21 yaş tələb olunur.
Məqalələrin təfsilatı
Məqalə Azərbaycan, İngilis və ya Rus dilində yazılmalıdır. Məqalənin uzunluğu 400 sözdən az və 600 sözdən çox olmamalıdır.
Müsabiqə mövzuları
Bakı Şəhər Halqası
Döngələr və tribunalar
Yarış hazırlığı
Komandalar, pilotlar və məşhurlar
Formula 1 Avropa Qran Prisinin rəsmi elçiləri
Formula 1 Avropa Qran Prisinə ev sahibliyi edən şəhərin üstünlükləri
Müsabiqənin müddəti
Məqalələrin son təhvil verilmə tarixi 15 aprel 2016-cı ildir. Təhvil verilmiş məqalələr münsiflər heyəti tərəfindən dəqiqliklə qiymətləndirildikdən sonra müsabiqənin qalibləri 22 aprel 2016-cı il tarixində elan olunacaq.
Müsabiqənin münsiflər heyəti
Bütün məqalələr aşağıdakı münsiflər tərəfindən qiymətləndiriləcək:
Rəhim Əliyev, Formula 1 Avropa Qran Prisinin Rəsmi Elçisi
Nigar Arpadarai, Formula 1 Avropa Qran Prisinin Milli Mətbuat Katibi
Səmayə Məmmədova, Gənclər və İdman Nazirliyinin Mətbuat Katibi
Müsabiqəyə necə qatılmaq olar?
Müsabiqəyə qatılmaq üçün yazdığınız məqalənin hər hansı bir mətbu orqanda çap olunmuş və ya internet səhifəsində yayımlanmış nüsxəsini (elektron şəkil formasında) ən geci 15 aprel tarixində olmaqla press@synergy.az elektron poçt ünvanına “Küləklər şəhərində sürət yarışı” başlığı ilə göndərməyiniz xahiş olunur.
Mükafatlar
Müsabiqədə birinci yeri tutmuş jurnalist 2016 Formula 1 Avropa Qran Prisinə yarış həftəsonunun hər üç günü üçün keçərli olacaq 2 biletlə təmin olunacaq
Müsabiqədə ikinci yerə yiyələnmiş jurnalist Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən üzərində şirkətin loqosunun əks olunduğu dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqənin ən yaxşı beş məqaləsini yazan jurnalistlər sertifikatla təltif olunacaqlar.
Trend.az