Gecədə konsert proqramı təqdim edilib.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ötən ildən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi regionlarımızın təqdimatını davam etdirir. Layihə çərçivəsində bölgələrin tarixi-mədəni irsini, adət-ənənələrini, xalq sənətkarlığını, mətbəxini, sosial-iqtisadi və turizm imkanlarını əks etdirən sərgilər nümayiş olunur, konsertlər keçirilir.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, layihə çərçivəsində növbəti təqdimat Şuşa rayonuna həsr olunub. Tədbir Şuşa Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə martın 14-də Beynəlxalq Muğam Mərkəzində keçirilib.
Mərkəzin foyesində dekorativ-tətbiqi sənət ustalarının əzəli yurd yerimiz olan Şuşanın keçmişini, mədəniyyət və incəsənət tarixini əks etdirən əl işləri, xalça nümunələri, rəsmlər və rayon haqqında nəşrlərdən ibarət sərgi nümayiş olunub.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün seçilən məkanın “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində keçirilən digər məkanlardan fərqləndiyini söyləyib. Bildirib ki, Azərbaycanın ecazkar musiqi beşiyi Şuşada zaman-zaman milli musiqi mədəniyyəti xəzinəmizə əvəzsiz töhfələr verən görkəmli sənətkarlar yetişib. Məhz təqdimatın Muğam Mərkəzində təşkili bu səbəbdən qaynaqlanıb.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Gecədə Şuşa rayon bədii kollektivlərinin, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim edilib.
oxu.az