Musiqili Teatrdan kimsəsiz uşaqlara Novruz təbriki
16.3.2016

Azərbaycan Dövlət Musiqili Teatrı Novruz bayramı münasibətilə “Azərbaycan uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramı ilə çıxış edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, musiqili-əyləncəli tədbir teatrın hazırladığı “Novruz” sosial proqramları çərçivəsində baş tutub.

Əməkdar Artist Novruz Qartal, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Gülnarə Kərimbəyova və başqalarının ifasında Musiqili Teatrın repertuarındakı müxtəlif tamaşalardan parçalar, yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Balaca tamaşaçılarla canlı ünsiyyət yaradan teatrın kollektivi təşkil etdikləri oyunlar, bir-birindən maraqlı səhnəcik və musiqi nömrələri ilə “Azərbaycan uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində məskunlaşan balacalara unudulmaz anlar yaşadıblar.

Sonda bayram şamları yandırılıb və tədbir baharın və Novruzun rəmzi sayılan səməninin dövrəsində oynanılan “Yallı” rəqsi ilə yekunlaşdırılıb.

azertag.az